VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİ DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI ZAMANI QARŞIYA ÇIXAN PROBLEMLƏRLƏ BAĞLI MÜZAKİRƏ APARIBLAR

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə daşınmaz əmlakın dövlət qeydiyyatı zamanı qarşıya çıxan problemləri müzakirə etmək məqsədilə dəyirmi masa keçirib. Tədbir hökumət qurumları ilə qeyri-hökümət təşkilatları arasında şəffaflığın və hesabtlılığın artırılması məqsədilə keçirilən silsilə dəyirmi masaların davamı kimi təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd daşınmaz əmlakın qeydiyyatı zamanı yaranan korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək,  eyni zamanda bu sahədə şəffaflığın və hesabtlılığın artırılması istiqamətində səmərəli üsullar ortaya qoymaq olub.  Amma  təəssüflər olsun ki, tədbirə bu məsələlərə cavabdehlik daşıyan dövlət qurumu kimi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri xidmətinin nümayəndələri dəvət olunsalar da, onlar iştirak etməmək barədə qərar veriblər. Qeyd edək ki, “Şəffaflıq Azərbaycan” təşkilatı buna qədər ötən bir il ərzində 9 belə tədbir təşkil edib və ilk dəfədir ki, hansısa dövlət qurumu ona aid olan məsələnin vətəndaş cəmiyyətinin üzvlərinin iştirakı ilə müzakirə edilməsinə soyuq yaşanır.  Bir sıra dövlət qurumları, yerli və beynəlxalq qeyri-hökümət təşkilatlarının nümayəndələri tədbirdə iştirak edib və müzakirə aparıblar.
İştirakçılar belə bir qənaətə gəliblər ki, hökümət son illərdə daşınmaz əmlakın dövlət qeydiyyatında şəffaflığın və effektivliyin təmin edilməsi məqsədilə, mülkiyyətin qeydiyyatının asanlaşdırılması, bütün növ qeydiyyat məsələlərinin aparılması üçün vahid məlumat sisteminin yaradılması və on-layn qeydiyyatın aparılması kimi addımlar atıblar. Mülkiyyətin başqa bir ada keçirilməsi üçün üçün dörd mərhələ tələb  olunur ki, bu da 11 gün çəkir. Bu xidmətin haqqı isə əmlakın dəyərinin 0,2 %-i həcmindədir. Amma bununla belə təcrübədə bu sahədə ciddi çatışmazlıqlar qalmaqdadır.  Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov daşınmaz əmlakın qeydiyyatı sahəsində qarşıya çıxan hüquqi problemlər barədə məlumat verib. Neftçilərin Hüquqlarını Müdafiə təşkilatının rəhbəri, Mirvari Qəhrəmanlı, Daşınmaz əmlakın qeydiyyatı zamanı yol verilən qanun pozuntuları və onların qarşısının alınması ilə bağlı məsələlər haqqında danışıb. İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, İradə Cavadova, vəkil nöqteyi nəzərindən daşınmaz əmlakın qeydiyyatında şəffaflıq məsələlərinə toxunub.  Konstitutsiya Araşdırmaları fondunun vitse-prezidenti, Zaur İbrahimov yerli ekspertlər tərəfindən hazırlanan daşınmaz əmlakın qeydiyyatında yol verilən pozuntuların monitorinqinin aparılmasının metodologiyası barədə məlumat verib. Tədbirin sonunda “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın artırılması ilə  bağlı təkliflər səsləndirib.
İştirakçılar, olduqca əhəmiyyətli olan  hökümətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsi imkanının əldən verildiyi üçün təəssüflərini ifadə ediblər. Bununla belə,  qərara gəlinib ki, daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin.

Related posts: