“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi 1 yanvar 2017-ci il tarixindən qüvvəyə minən torpaqların satışının sadələşdirilmiş vergiyə cəlb edilməsi dəyişikliyini müsbət qəbul edir. Bununla yanaşı, illik torpaq vergisi ilə bağlı son zamanlarda Vergi Məcəlləsinə xeyli dəyişikliklər edilsə də, hələ də bəzi dəyişikliklərdə düzəlişlərə ehtiyac var.
Belə ki, “Şəffaflıq Azərbaycan” təşkilatı 20 noyabr 2015-cı il tarixində daşınmaz əmlakın satışının vergiyə cəlb edilməsi, illik əmlak və torpaq vergilərinin hesablanması qaydası barədə məsələləri müzakirəyə çıxararaq, bir sıra, o cümlədən, torpaq sahələrinin satışından tutulan verginin satışından gələn gəlir əvəzinə, əmsallara və yerləşdiyi yerə uyğun hesablanması ilə bağlı tövsiyələr vermişdi.
Sevindirici haldır ki, təşkilatımızın narahatçılığını ifadə etdiyi mövzulardan olan torpaq sahələrinin təqdim edilməsi (satışı və bağışlanması) məsələsi 16 dekabr 2016-cı il tarixli “Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanunla öz müsbət həllini tapmışdır. Artıq 1 yanvar 2017-ci il tarixindən etibarən torpaqların satışı (və ya bağışlanması) onun sahəsi, təyinatı və yerləşdiyi yerə uyğun olaraq əmsallar tətbiq edilərək sabit məbləğdə sadələşdirilmiş vergiyə cəlb edilir.
Həmçinin, tövsiyələrimizdə vurğuladığımız kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin satışından vergi də illik torpaq vergisi ilə eyni qaydada hesablanaraq, torpağın keyfiyyəti, bonitet şkalası nəzərə alınacaq.
Belə ki, dəyişikliklərə əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilmişdir (maddə 206.1-1). Digər kənd təsərrüfatı torpaq sahələrinin vergi dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilmişdir (maddə 206.1).
Sözügedən dəyişiklik kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsini təşviq etmək məqsədi daşısa da, torpaqların istifadə edilməsi və ya irriqasiya, meliorasiya səbəbi ilə istifadə edilməsi mümkün olmaması faktının öz təsdiqini tapması üçün müvafiq icra hakimiyyəti orqanının arayışı tələb olunur. Bu normanın korrupsiyaya şərait yaradacağını nəzərə alaraq, göstərilən maddənin ölkə iqtisadiyyatının kənd təsərrüfatı sahəsində inkişafına gətirib çıxarması üçün keyfiyyətli elektronlaşdırılmış mexanizmin tətbiqini zəruri görürük.
Həmçinin, ölkə ərazisində hələ də torpaqların təyinatı məsələsində böyük problemlərin olması və kütləvi surətdə təyinatı üzrə torpaqları istifadə etməyən aztəminatlı şəxslərin olmasını nəzərə aldıqda, həmin kənd yerlərində yaşayan əhali üçün vergi dərəcəsinin böyük olması qənaətindəyik.
Nəticədə, yuxarıda qeyd edilənlərə əsasən:
1) 206.1-ci maddəyə nisbətdə torpaq vergisinin dərəcəsinin azaldılmasını;
2) 206.1-1–ci maddəyə nisbətdə isə maddədən arayış tələbinin ləğv edilməsi ilə:
· kənd təsərrüfatı torpağının istifadə edilməsinə dair məlumatın dövlət sosial müdafiə fondunun bazasından əldə edilməsi mexanizminin yaradılmasını;
· irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan torpaq sahələrinin mexanizmi qayda və meyarların qəbul olunması zamanı prosesin elektronlaşdırılmasına üstünlük verilməsini
tövsiyə edirik.
Əmlak və torpaq vergilərinə tətbiq olunan yeni dərəcələrin ətraflı izahı və misallarla birgə hesablanma qaydasını təsvir edən sənədlərimizlə (yenilənib 2017) buradan tanış ola bilərsiniz:
Daşınmaz əmlak vergisi AZE — yenilənib 2017
Daşınmaz əmlakın satışdan vergisi AZE yenilənib 2017
Налог на недвижимость Ру Jan 2017
Налог на продажу недвижимости Ру Jan 2017
Tövsiyə sənədi və arayışlar Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanmışdır.