Cənubi Qafqazda İnformasiya Azadlığı Hesabatı Təqdim Olunub

“Transparency International” təşkilatının Gürcüstan milli bölməsi, Azərbaycan və Ermənistan milli bölmələri ilə əməkdaşlıq şəklində Cənubi Qafqazda İnformasiya Azadlığı adlı layihə həyata keçirib. Layihə çərçivəsində hər üç Cənubi Qafqaz ölkəsində məlumat əldə edilməsi sahəsində vəziyyət araşdırılıb. Araşdırmaların yekunu olaraq yekun hesabat hazırlanıb və ümumilikdə ölkədə və regionda informasiya əldə etmənin ümumi mənzərəsi ortaya qoyulub.
Azərbaycan, Gürcüstan və Ermənistan öz vətəndaşlarının informasiya azadlığının qorunması və təminatı sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmişdir. Hər üç ölkədə informasiyanın əldə olunmasını tənzimləyən hərtərəfli milli qanunvericilik qəbul olunmuşdur.
Azərbaycan və Ermənistan informasiya azadlığına zəmanət verən ən geniş hüquqi çərçivəyə malik ölkədir. Məsələn, adı çəkilən iki ölkədə dövlətə aid informasiyanın təminatı öhdəliyi milli və yerli səviyyədə dövlət qurumları, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, dövlət tərəfindən maliyyələşən kommersiya və qeyri-kommersiya strukturları, həmçinin xammal bazarında üstünlüyü olan hüquqi şəxslər, yaxud təbii inhisarçılar kimi informasiya daşıyıcılarına (sahiblərinə) şamil edilir. Gürcüstanda isə bu öhdəlik dövlət və yerli büdcə tərəfindən maliyyələşən və bu cür maliyyələşmə çərçivəsində sırf inzibati qurumlara və xüsusi hüquq təşkilatlarına aiddir.
Azərbaycanda 2012-ci il iyunun 12-də Parlament qanunvericiliyə informasiya əldə edilməsini əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq əlavələr qəbul etmişdir. Həmin əlavələrə görə, hüquqi şəxslərin təsisçiləri və maliyyə ehtiyatları, onların nizamnamə kapitalı və digər bu kimi məsələlər haqqında informasiya yalnız hüquq-mühafizə orqanlarına təqdim edilə bilər.
Ermənistan və Azərbaycanın milli qanunvericiliyi həm şifahi, həm də yazılı qaydada İA müraciətinin təqdim olunmasına imkan verir. Gürcüstanda informasiya əldə etməkdə maraqlı olanlar müvafiq quruma icbari qaydada yazılı sorğu ilə müraciət etməlidirlər ki, bu tələb də informasiya azadlığını müəyyən dərəcədə məhdudlaşdırır.
Yalnız Azərbaycanda informasiya azadlığına riayət olunmasına nəzarət edən müstəqil müşahidə qurumu, yəni Ombudsman aparatı, təsis edilmişdir, lakin bütün müşahidəçilər razılaşırlar ki, hazırkı zamanda de fakto olaraq bu qurum effektiv mexanizm deyildir. Ermənistan və Gürcüstan qanunvericiliyi informasiya sahiblərinin qanuna müvafiq surətdə davranışına müşahidə etmək üçün müstəqil nəzarət qurumu üçün şərait yaratmır.
Hesabat  informasiya azadlığı haqqında Cənubi Qafqaz regionuna aid olan beynəlxalq və milli standartların müfəssəl toplusudur və insan hüquqları müdafiəçiləri, hüquqşünaslar və ictimai təşkilatların, vətəndaş cəmiyyətinin və geniş ictimaiyyətin nümayəndələri tərəfindən istifadə oluna bilər. Bu kitabçanın məqsədi informasiya əldə edilməsi hüququ ilə maraqlanan bütün şəxslər üçün başlıca mənbə kimi xidmət etməkdir. Bu tədqiqatın əsas məqsədi nəzərdən keçirilən üç ölkədə informasiya azadlığı hüququ ilə əlaqədar de fakto problemlərin və çatışmazlıqların üzə çıxarılması olmasa da, informasiyanın verilməsi öhdəliklərinin müvafiq qanunlara əsasən yerinə yetirilməsi səviyyəsini öyrənmək məqsədilə bir sıra dövlət qurumlarına sorğular göndərilmişdir və nəticələr hesabatda öz əksini tapmışdır.
Bu hesabat “ Cənubi Qafqazda Məlumat Azadlığı ” regional tədqiqat layihəsinin tərkib hissəsi kimi hazırlanmışdır və Çexiya Respublikası Xarici İşlər Nazirliyinin Keçid dövrünə Dəstək Proqramı çərçivəsində maliyyələşdirilir.
Hesabatla buradan tanış ola bilərsiniz

Related posts: