Şəffaflıq Azərbaycan Təşkilatı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Milli Şəffaflıq Sisteminin qiymətləndirilməsi layihəsinin son dəyirmi masasını təşkil etdi və «Azərbaycanda elektron xidmətlər və elektron hökumətin vəziyyəti» ilə bağlı tərəqqi hesabatını təqdim etdi

11709677_953868937967282_7771314847462034415_oŞəffaflıq Azərbaycan Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi regional layihə olan Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi layihəsi çərçivəsində 29 İyun 2015-ci il tarixində, Beynəlxalq Mətbuat Mərkəzində «Elektron Xidmətlər və Elektron Hökumət sahəsində görülən işlər və problemlər» ilə bağlı son 6 ayı əhatə edən tərəqqi hesabatını geniş ictimaiyyətə təqdim etdi. Tərəqqi hesabatından çıxan əsas fikir ondan ibarətdir ki, daha keyfiyyətli elektron xidmətlərin göstərilməsi üçün bir sıra informasiya sistemləri dövlət qurumları tərəfindən formalaşmalıdır. Bu halda, mövcud informasiya sistemləri arasında məlumat mübadiləsi güclənə bilər. İnformasiya sistemlərinin tam və vaxtında formalaşmamasının əsas səbəblərindən biri də maliyyə çatışmamazlığıdır. Maliyyə problemini aradan qaldırmaq üçün isə dövlət qurumlarına beynəlxalq donorlar ilə əməkdaşlıq etməyi tövsiyə olunur.Təqdimat mərasimini Şəffaflıq Azərbaycan Təşkilatının İcraçı Direktoru Rəna Səfərəliyeva açdı. O ilk növbədə ümumi layihə və onun nəticələri haqqında qısa arayış verdi, daha sonra isə qeyd etdi ki, Azərbaycanın dövlət idarəetməsində elektron xidmətlər sahəsi dinamik sahələrdən hesab edilə bilər. Bu sahədə olan problemlər əsasən maliyyə çatışmazlığı və kadr problemi ilə əlaqədardır. Azərbaycanda dövlət qurumları ilə beynəlxalq donorlar arasında əməkdaşlıq elektron xidmətlərin, informasiya sistemlərinin inkişafı, eləcə də kadr potensialının artırılması üçün perspektivli istiqamət kimi nəzərdən keçirilməlidir.Daha sonra Avropa İttifaqının Bakı Nümayəndəliyinin Əməliyyat Bölməsinin rəhbəri Jeron Uilyams söz aldı. O ilk növbədə Şəffaflıq Azərbaycan Təşkilatının layihə çərçivəsində gördüyü işlərdən, o cümlədən Milli Şəffaflıq Sisteminin qiymətləndirilməsi hesabatından, eləcə də 5 sahə ilə bağlı siyasət sənədindən və elektron hökumət ilə bağlı monitorinq hesabatından söz açdı. O qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanda elektron idarəçiliyi dəstəkləyib və dəstəkləyəcəkdir.

Daha sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Məlumat Hesablama Mərkəzinin baş mütəxəssisi, Dövlət reyestri şöbəsinin rəisi İlqar Abdullayev çıxış edərək, təmsil etdiyi qurumun elektron hökumət quruculuğu istiqamətində gördüyü işlərdən və gələcək planlardan söhbət açdı. O, həmçinin dövlət qurumlarının informasiya sistemlərinin elektron hökumət portalına inteqrasiyasının və qurumlararası məlumat mübadiləsinin vacibliyini vurğuladı. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov təmsil etdiyi qurumun elektron xidmətlər və elektron xidmətlərin qiymətləndirilməsi sahəsində gördüyü işlərdən danışdı. O, həmçinin qeyd etdi ki, VXSİDA Azərbaycanda bütün dövlət xidmətlərinin elektron reyestrini yaradır və sözügedən reyestr yaxın müddət ərzində tamamlanacaqdır.

Daha sonra Milli Şəffaflıq Sistemi layihəsinin koordinatoru Məhəmməd Muradov təqdimatla çıxış etdi. O hər bir vətəndaşın doğulmasından vəfat edənə qədər bütün həyatı boyunca ehtiyac duyduğu ictimai xidmətlərin monitorinqini həyata keçirdiyini vurğuladı. Məlum olmuşdur ki, bağçalara elektron qeydiyyat, qeydiyyat ünvanının onlayn dəyişdirilməsi, iş axtarışı və işsizlik müavinətinin verilməsi, əlillik statusu və müavinətlərin əldə edilməsi, ölüm haqqında onlayn tibbi şəhadətnamə əldə edilməsi, eləcə də şəxsiyyət vəsiqəsi, pasportun əldə edilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi, həmçinin maşın nömrələrinin onlayn sifarişi üzrə elektron xidmətlər ya inkişaf etməmişdir, ya mövcud deyil, ya da elektron müraciət mərhələsinə çatmamışdır. İnformasiya sistemlərinə gəldikdə isə hələ də daşınmaz əmlak, torpaq kadastr məlumatları, səhiyyə məlumatları, arxiv məlumatları tam elektronlaşmamışdır. Bundan başqa, Azərbaycanda elektron hökumət sahəsində son 6 ayda aşağıdakı müsbət meyllər müşahidə edilmişdir. Belə ki, artıq vətəndaşlar bir sıra arayışları (yaşayış, iş yerindən arayış, diplom haqqında arayış, kommunal borcun olmaması barədə arayış və s.) dövlət qurumuna getmədən elektron hökumət portalından əldə edə bilir. Bundan başqa, açıq hökumət təşəbbüsünün bir hissəsi kimi ictimai məlumatlar data.gov.az portalı vasitəsi ilə ictimaiyyətə təqdim edilməyə başlanılmışdır.

Related posts: